Baş nazir dövlət müəssisələrinin büdcə vəsaiti ilə aldığı aktivlərə amortizasiya meyarlarını təsdiqlədi
Dövlət payı ən azı 51 faiz olan şirkətlər büdcədən ayrılmış investisiya vəsaiti ilə aldıqları aktivlərə görə vergi məqsədilə amortizasiyanı yalnız yeni meyarlara cavab verən layihələrdə hesablaya biləcək.
Baş nazir Əli Əsədov dövlət müəssisələrinin dövlət büdcəsindən ayrılan vəsait hesabına əldə etdiyi və ya quraşdırdığı aktivlərlə bağlı qərar imzalayıb. Qərarla dövlət investisiya proqramları çərçivəsində belə aktivlərə görə vergi məqsədləri üçün amortizasiya hesablanmasına icazə verilən investisiya layihələrinin meyarları təsdiq edilib.
Amortizasiya əmlakın istifadə zamanı köhnəlməsini nəzərə alaraq onun dəyərinin hissə-hissə xərcə silinməsi deməkdir və vergi hesablanarkən mühüm rol oynayır. Təsdiqlənən meyarlar büdcə vəsaiti ilə alınan və ya quraşdırılan əsas vəsaitlərə, yəni avadanlıq, tikili kimi uzunmüddətli əmlaka, həmçinin qeyri-maddi aktivlərə aiddir və hansı investisiya layihələrinin bu imkandan yararlana biləcəyini müəyyənləşdirir.
Meyarlar paylarının və ya səhmlərinin 51 faizi və daha çoxu birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyətlərə, məhdud məsuliyyətli cəmiyyətlərə, başqa təşkilati formada fəaliyyət göstərən hüquqi şəxslərə və publik hüquqi şəxslərə şamil ediləcək.
Layihələrin meyarlara uyğunluğunu İqtisadiyyat Nazirliyi ildə ən azı bir dəfə monitorinq edəcək. Layihənin tələblərə cavab vermədiyi üzə çıxarsa, nazirlik əvvəl verdiyi uyğunluq rəyini ləğv etmək barədə qərar qəbul edəcək və on iş günü ərzində bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə məlumat verəcək.



